10.07.2025

"Squid Game"dən 5 yaradıcı marketinq dərsi

Son günlərdə yenidən trendə çevrilən "Squid Game (Kalmar oyunu)" serialını, yəqin ki, sən də izləmisən. Bəs serialda biznesinə faydalı ola biləcək dərsləri görmüsən?

Əgər gözyaşların buna imkan verməyibsə, narahat olma. Biz serialın öyrətdiyi marketinq dərslərini sənin üçün aşağıda qeyd edirik.
1. Məhsulunu özünəməxsus formada təqdim et
Serialda hər obraz, hər detal öz rəngi ilə seçilir. Hətta sadəcə rəng palitrasından belə serialı tanımaq mümkündür. Bəs bundan hansı dərsi çıxarmaq olar?

Belə ki, sən də öz markan üçün diqqətçəkən, unikal və fərqli rənglərdən, eləcə də vizuallardan istifadə etməlisən. Məsələn, elə indi "Canva"ya daxil olub biznesin üçün xüsusi posterlər, məhsul etiketləri, ya da sosial media paylaşımları hazırlaya bilərsən.
2. Məhsuluna müştərinin gözündən bax
Serialda oyunu quranlar yarışmaya gizlin qatılıb iştirakçılarla bağ qurmağa, beləcə, onların nə hiss etdiklərini anlamağa çalışırdılar. Sən də bunu öz biznesinə adaptasiya edə bilərsən.

Məsələn, ən çox sifariş verən müştərindən qısa bir "unboxing (qutu açılışı)" videosu çəkməyini istə. Qarşılığında isə ona ödənişsiz çatdırılma təqdim et. Beləcə, həm müştərindən səmimi rəylər alacaq, həm də sosial media üçün kontent çıxaracaqsan.
3. Seçim şansı ver, amma ən yaxşı seçimi fərqləndir
"Kalmar oyunu"nun iştirakçıları istədikləri vaxt oyundan çıxa bilərdilər, amma ən yaxşı seçimləri məhz oyuna geri dönmək idi.

Sözümüzün canı odur ki, məsələn, bir menyu hazırlayırsansa, orta qiymətli paketi "Ən populyar" yazaraq fərqləndir. Nəticədə, həm müştərilərinə seçim haqqı təqdim edəcək, həm də orta qiymətli paketi seçmələrinə təşviq edəcəksən.
4. Oyunlardan istifadə etməyi unutma
İştirakçıları "Kalmar oyunu"na çəkən əsas səbəblərdən biri də oyunların sadəliyi idi. Hər nə qədər nəticələrindən xəbərsiz olsalar da... Biz də sadə oyunlar və müsabiqələrlə müştərilərin həm könlünü, həm də diqqətini qazanacağıq.

Məsələn, bir kitab mağazası "Telegram" kanalında "Bu cümlə hansı kitabdandır?" sualı ilə sadə bir müsabiqə elan edə bilər. Qalib gələnlərə də növbəti sifarişlərində 25 % endirim təqdim ediləcək. Hə, əgər söhbət "Telegram"dan gedirsə, qalibi seçməkdə "@VoteBot" sənə kömək olar.
5. Viral olacaq paylaşımlar et
Serialın rəngli labirintləri, çəhrayı kostyumlu işçiləri, donuz formasında nəhəng daxılı — bir sözlə, hər detalı virala çevrildi və insanların yaddaşına həkk oldu.

Biz nə edək? Məsələn, "Kalmar oyunu Bakıda olsaydı, qalib kim olardı?" mövzulu memlərdən ibarət bir paylaşım edə bilərsən. Üstəlik, paylaşım saatını da 19:00-a müəyyən etsən, bir sözlə, partlayış!
Hə, heç reklam yerləşdirməkdən, hədəf seçməkdən danışmadıq, çünki marketinq ilk növbədə diqqət çəkmək, duyğu yaratmaq və insanları bura daxil etməkdir. Bu cür faydalı məsləhətlər üçün yazılarımızı oxumağa davam et və bizi izləmədə qal.