16.06.2025

Qısa videolarla necə müştəri qazanmaq olar?

Yəqin ki, sən də hər gün vaxtının böyük hissəsini “TikTok”, “Reels”, ya da “Shorts”da videoları sürüşdürməklə keçirirsən. Bəs onların sənə nə qədər təsir etdiyinin fərqindəsən? Bəli, artıq insanlar uzun təqdimatlara yox, qısa və diqqətçəkən videolara reaksiya verirlər. Bu cür videolar müştəridə ilkin təəssüratı yaratmaq üçün ən sürətli və effektiv yollardandır.
Bir az da rəqəmlər
İzləyicilərin 60 faizi videoların 41-80 faizini izləyir ki, bu da qısa videoların effektiv olduğunu bir daha sübut edir. Üstəlik, reklamçıların da 47 faizi qısa videoların tez zamanda viral olduğunu və böyük kütlələrə çatdığını deyirlər, lakin bu bütün qısa videoların uğurlu olacağına işarə deyil.
Mənbə: firework.com
Məsləhətdir ki…
  • İlk 3 saniyədə “hook”lardan istifadə et. Başqa sözlə, videonun girişində izləyicinin diqqətini cəlb edəcək cümlə, problem səslənməli və ya kreativ vizual olmalıdır. (Məsələn, “Bunu etməklə hər gün 10 AZN qazanacaqsan”, “1 həftəyə həyatını dəyişməyə hazırsan?”)
  • Yeniliklərə açıq ol, yəni trendləri, qlobal nümunələri izlə və onlardan ilhamlan. Məsələn, kadrlar arasında maraqlı keçidlərdən istifadə edə, videoya trend musiqilərlə başlaya və ya vizual mətnlərdən istifadə edə bilərsən.
  • Videolarını vertikal (9:16) formatda çək.
  • Ən əsası isə mükəmməliyyətçi olma… Xüsusilə də, kiçik biznes sahibisənsə, professional çəkilişlərə ehtiyacın yoxdur. Sadəcə telefonunla çəkə, “CapCut” və ya “TikTok”un daxilində montaj edə, nəhayət, paylaşa bilərsən. Əsas olan məzmunun səmimi və real olmasıdır.
Hə, artıq sən də qısa videolarla insanları necə cəlb edəcəyini bilirsən. Odur ki dayanma, çək, paylaş!