11.08.2025

Azərbaycan Modelçilər Klubu.
İlqar İsmayılov – Təsisçi

İlqar İsmayılovu bir çoxumuz tanımasaq da, dünyanın bir çox ölkələrində onu miniatür modellərin əvəzsiz ustadı kimi tanıyırlar. Yaponiyadan ABŞ-a qədər təkrarsız modellərin müəllifi kimi hörmət görən İlqar İsmayılov ilə onun tələbələrini də yetişdirdiyi emalatxanasında söhbət etdik. Əl işi modellərin müəllifi İlqar İsmayılov hazırda gənc nəsli bu maraqlı məşğuliyyətə cəlb etmək üçün əlindən gələni edir.
Belə maraqlı sənətə ilk dəfə necə başlamısınız?
Bilirsiniz, uşaqlıqda mən hərbi donanmanın tərkibindəki «İskra» model klubunda çalışmışam. Artıq yeniyetmə yaşımda hərbi təyyarəçi olmuşam. Uzun müddət hərbiçi olmağım mənə bu sahənin incəliklərini öyrənməyə kömək etdi və sonralar mənim hobbimə çevrildi.
Bu hobbiyə ölkəmizdə kifayət qədər maraq varmı?
Nəinki ölkəmizdə, təkcə bizim kluba dünyanın müxtəlif yerlərindən böyük maraq var. Türkiyə, Yaponiya, Amerika Ukrayna, Polşa, Rusiya, İngiltərə, Almaniyada bizim modellərimizlə maraqlanan peşakarlar var. Düşünürəm ki, ölkəmiz belə nadir modellərin istehsalı üzrə, bu sahədə dünyanın ən qabaqcıl ölkələri ilə rəqabət apara biləcək gücdədir. Yaratdığımız modellər öz dəqiqliyi və daha dayanıqlığı ilə seçilir. Təsadüfi deyil ki, bizim modellər iştirak etdiyimiz beynəlxalq sərgilərdə ən yüksək mükafatlara layiq görülür. Maraqlı bir hadisəni sizə danışmaq istərdim;

Beynəlxalq sərgilərdən birində bizim modelimizin əllə hazırlandığına şübhə yaranmışdı, belə ki, münsiflər əl ilə bu dəqiqlikdə model hissələrinin hazırlanmasının qeyri-mümkün olduğu iddia edildi. Hazırlanma prosesi nümayiş etdirildikdən sonra həmin modelimiz fəxri qızıl medala layiq görüldü.
Klubun fəaliyyətində hansı çətinlikləri yaşayırsınız?
Əlbəttə bir sıra çətinliklərimiz var. Bizim klub bu sənətin fanatları olan modelçilər hesabına fəaliyyət göstərir. Modelçilik sənətinin Azərbaycanda inkişafı üçün ictimaiyyətin köməyinə ehtiyac var.
Kimlər bu klubun üzvü ola bilər?
Burada modelləmə ilə maraqlanan hər kəs məşğul ola bilər. Bizim müxtəlif qruplarımız var; Uşaqlar, yeniyetmələr və böyüklərlə müxtəlif modellər hazırlayırıq. Eləcə də siz əgər bu sahə ilə uzun müddətdir məşğulsunuzsa, birlikdə daha maraqlı işlər görə bilərik. Bizim klubumuzda məşğul olan şəxslər artıq qısa müddətdən sonra öz modellərini yaradırlar. Keçən ilin Sentyabr ayından bu gunə qədər biz 45 nəfər modelçi yetişdirmişik. Həm peşəkar modelçilərlə müxtəlif layihələr edirik, həm də yeni modelçiləri sıfırdan yetişdiririk.
İlqar bəy, yeni sahibkarlara hansı məsləhətləri verərdiniz?
Əsas onu deməliyəm ki, hər nə ilə məşğul olursunuz olun, qətiyyən dayanmayın. Əgər işinizin dəyərini ətrafınızda bilən yoxdursa, bilin ki, başqa yerdə var. Əgər dayanmasanız mütləq uğur sizi tapacaq. Bizim klubun çətin günləri olub, bəzən mən təkbaşına günlərlə işləmişəm, amma indi dünyanın müxtəlif yerlərindən modellərimizi istəyirlər.
Klubun daha geniş auditoriyalara çıxması üçün sizə nələr lazımdır?
Bilirsiniz, klubumuz hazırda öz imkanları ilə idarə olunur. Biz bir çox modellərin kütləvi istehsalı üçün bir neçə yerə müraciətlər etmişik, bəzən müsbət cavablar olsa da, sonradan işlərimizi böyütməyə imkanımız olmayıb. Mən istərdim ki, bu sahəyə marağı olan biznes adamları klubumuzun modellərini inkişaf etdirməsi üçün, əlimizdə olan və dünyanın heyran olduğu modelləri kütləvi istehsal edə bilməyimiz üçün bizə dəstək olsunlar. Mənim arzum “Azərbaycanda istehsal olub” (Made in Azerbaijan) yazılı modellərimiz həm dünyada, həm də Azərbaycanda məşhur və tələbli olsun!
Modelçilər Klubu. Instagram
Modelçilər Klubu. Tiktok