Brendi yaradarkən hansı gözlənilməz çətinliklərlə qarşılaşmısınız?
Biznes qurarkən bir plan cızırsan, amma reallıqda biznes bazarın tələbatı və yaranan fürsətlər əsasında sanki öz yolunu özü tapır…
Əvvəlcə düşünürdüm ki, Frida Co. qadın yaradıcılığı üçün bir mərkəz olacaq – bir növ qadınlar üçün klub. Qadınlar rəsm və əl işləri ilə məşğul olacaq, biz onlara müəyyən bacarıqlar öyrədəcəyik, sonra çay içərək ünsiyyət quracaq, maraqlı və faydalı görüşlər təşkil edəcəyik. Düşünürdüm ki, əsasən qadınlar gələcək və onlar evdə bu biliklər əsasında öz bacarıqlarını inkişaf etdirib, hobbi qazanacaq, yaradıcılığa yaxınlaşacaq, hətta öz kiçik bizneslərini quracaqlar.
Amma hər şey başqa cür inkişaf etdi. Əvvəldə keramikaya ümumiyyətlə yer ayırıb-ayırmamaq barədə tərəddüd edirdim. Düşünürdüm ki, əsasən rəsm, tikiş, naxış və toxuma olacaq. Mətbəxin dizaynında terrakota rənglərindən istifadə etmişdim, dedim, bəlkə keramika üçün uyğun olar. Lakin nəticədə keramika ən çox maraq doğuran və tələb olunan sahə oldu.
Bundan əlavə, qadın mərkəzi ideyası da gözlənildiyi qədər populyar olmadı. Üç ay bu ideyaya sadiq qaldım və düşündüm ki, buraya kişilər gəlməyəcək. Hətta narahat idim ki, kişilər gəlsə, qadınlara mane olar. Amma sonra gördüm ki, bu düşüncə tamamilə səhv imiş. Frida Co.-ya gələn kişilər – istər gənc, istər orta yaşlı – incəsənətə, sənətkarlığa maraq göstərən, məqsədli insanlardır. İndiyə qədər heç bir xoşagəlməz hadisə baş verməyib.
Uşaqlarla da eyni düşüncəm var idi – səs-küy olacaq, onlar mane olacaq. Amma zaman keçdikcə gördüm ki, uşaqlar da öz maraqlarını tapıb burada inkişaf edirlər.
Beləliklə, biznes tamamilə başqa bir istiqamətdə inkişaf etdi.