16.06.2025

Petrikor
Təhminə Bağırova – Təsisçi

Qısa şəkildə özünüz və biznesiniz haqqında danışın
Adım Təhminədir, 29 yaşım var. Petrikor adlandırdığım sosial sahibkarlıq layihəm var. Petrikor yağış yeni yağmağa başlayanda yerdən qalxan spesifik torpaq ətrinə 2 Avstraliyalı alimin verdiyi addır. Biz Bakı kəndlərində yaşayan evdar qadınları əmək bazarına cəlb edərək onların hazırladığı əl iş oyuncaqlardan yerli Azərbaycan brendi qurmuşuq. Bu şəkildə həm qadınların maddi azadlığını təmin etməyə, həm də yerli istehsalata dəstək olmağa çalışırıq.
Biznes hansı mərhələdədir?
Hazırda hansı inkişaf mərhələsindəsiniz?
Biznes hazırda yeni əməkdaşlıqlar qurmaq mərhələsindədir. Qısa zaman kəsiyinizdə biz Libraff, Bakı Kitab Mərkəzi, Əli və Nino, ABAD ilə əməkdaşlığa başladıq. Məhsullarımız Heydər Əliyev adına Beynəlxalq Hava Limanında, regionlarda turistlərin çox diqqətini çəkir. Zənnimcə qutularımız arxasında hekayəmizin olması alıcı sayımızın artmasında mühüm rol oynayır.
Sizi bu işdə davam etməyə nə motivasiya edir?
Bakı kəndlərində yaşayan qadınların saysız məişət qayğılarına rəğmən öz maddi azadlıqları üçün çabalaması, dayanmadan yeni, fərqli oyuncaqlar istehsal etməsi mənim əsas motivasiyamdır.
Sizin hədəf auditoriyanız kimdir?
Uşaqlar, valideynlər, çizgi film qəhrəmanlarını sevən hər kəs.
Sizi rəqiblərinizdən nə fərqləndirir?
Düşünürəm ki, sağlam rəqabət inkaşafa aparan vacib amildir. Bizim əsas rəqibimiz isə özümüzük. Hər dəfə əvvəlkindən daha yaxşı olmağ çalışırıq və bu bizim uğur düsturumuzdur.
Satış kanallarınız hansılardır?
Ümumiyyətlə, bir şeyi satmağa necə başlamaq olar?
Hazırda əsas satışlarımız dolayı satış kanalları vasitəsilədir. Rəqəmsal və birbaşa satış kanalları üzərində isə işləyirik. Bu işin qurulması kifayət qədər çox vaxt və əmək istəyir.
Ən böyük səhviniz nə olub və bu sizə nə öyrədib?
İlk başda bazarı araşdırmadan istehsalata başlamaq. Xatırlayıram ki, çox gözəl toxunma səbətlər istehsal edirdik, amma alıcılıq hədsiz aşağı idi. Bu bizi çox həvəsdən salırdı və səbəbini bilmirdik. Xırda bir araşdırma ilə profilimizi toxunma oyuncaqlara dəyişdik və beləliklə bizim əsas işimiz başladı.
Resurs çatışmazlığı ilə necə mübarizə aparırsınız?
Zənnimcə strateji yanaşma ilə biznesdə resurs çatışmazlığı kimi kritik bir problemlə mübarizə aparmaq mümkündür. Maddi resurslarımızı göz önündə saxlayaraq işləri prioritet üzrə bölüb qısa zamanda çox iş görməyə çalışırıq. Çətindir, amma mümkünsüz deyil.
Yolda hansı bacarıqları sıfırdan öyrənmək məcburiyyətində qaldınız?
Vergi hesabatları, statistik hesabatlar, bank əməliyyatları-bütün bunları mənim üçün təzə idi və hər şeyi araşdırmaq, öyrənmək və tətbiq etmək məcburiyyətində idim. Bu prosesdə yaxınlarımın dəstəyi əvəzsiz idi.
Yeni başlayan sahibkarlara hansı məsləhəti verərdiniz?
İlk olaraq araşdırma və analiz bacarıqlarını inkişaf etdirsənlər. Düşünürəm ki, istənilən işdə bu iki faktor güclü fundamental əsasdır.
Və gəlin bir az da yerli spesifikadan danışaq – hansısa lokal xüsusiyyətlər barədə fikirlərinizi bölüşün.
Azərbaycan və ya Qafqaz regionunda biznes qurmaq istəyənlər lokal spesifik xüsusiyyətləri daim nəzərə almalıdır. Azərbaycanda qarşılıqlı etibar və bazarda tanında vacib ünsürdür. Etiraf edim ki, ilk əməkdaşlığımız çox çətin alınmışdı, amma sonrakilər gözlənilməz dərəcədə sürətli və rahat. Düşünürəm ki, buna səbəb artıq etibarlı və güclü şəxsi əlaqələr qura bilən tərəfdaş olmağımızdır.