31.07.2025

Sahibkarlar üçün açıq məkanda reklam fasiləsi

Dayanmadan rəqəmsal platformaların gücündən danışırıq, amma çöldə gördüyümüz reklamlar heç vaxt yadımızdan çıxmır. Doğrudan da, effektiv formada istifadə olunduğu zaman açıq məkanda reklamlar bizneslər üçün əvəzsiz imkanlara çevrilə bilər.
Açıq məkanda reklam dedikdə küçələrdə, binaların üzərində, nəqliyyatda və digər ictimai yerlərdə yerləşdirilən reklamlardan söhbət gedir. Bunlara bilbordlar, rollerlər, monitorlar və s. daxildir.
Açıq məkanda reklamın hansı növləri var?
Hazırda rəqəmsal lövhələrin artımı ilə çöl reklamlarının növləri də çoxalıb. Beləcə, təkcə statik vizuallar yox, diqqətçəkən, hərəkətli məzmunları da açıq məkanda nümayiş etdirmək mümkündür.

Çöl reklamlarının əsas növləri isə aşağıdakılardır:

  • Bilbordlar: yollarda və ya böyük meydanlarda gördüyümüz iri reklam lövhələridir. Adətən 6x3 metr ölçülərində olur və həm piyadalar, həm də avtomobillə keçənlər üçün nəzərdə tutulur. Ölçülərinin böyüklüyü hamının onu görməsinə səbəb olsa da, avtomobillə keçənlərin oradakı mesajı oxumaq üçün çox az vaxtı var. Odur ki məzmunu cəlbedici, amma mesajı qısa saxlamaq vacibdir.
  • “Citylight” və ya “lightbox”: bu, dayanacaqlarda və ticarət mərkəzlərinin yaxınlığında yerləşdirilən işıqlı və şüşəli qutulardır. Daha aşağıda, yəni göz səviyyəsində yerləşdiyi üçün insanlar onunla daha uzun müddət əlaqədə ola bilirlər. Başqa sözlə, burada mesajını daha ətraflı çatdırmaq imkanın var.
  • Tranzit reklamları: avtobus, metro, tramvay, hətta taksilərin içində və çölündə olan reklamlardır. Hərəkətdə olduqları üçün gündə minlərlə insanın qarşısına çıxırlar.
  • “Firewall” və ya fasad reklamları: adından da göründüyü kimi, bunlar bina fasadlarına asılan iri reklam afişalarıdır. Böyüklüyündən ötrü hər kəs tərəfindən görünür. Bakıda da bu cür reklamlara tez-tez rast gəlmək olar.
  • Prizmatron: prizmatron üç fərqli reklamın fırlanaraq eyni lövhədə göstərilməsinə imkan yaradır. Hərəkətli olduğu üçün istər-istəməz gözün ilişir və diqqətini dərhal çəkir.
  • 3D proyeksiya: hazırda texnologiya imkan verir ki, binaların üzərində 3D effektləri ilə realistik reklamlar nümayiş etdirilsin. Bakıda nadir hallarda rast gəlsək də, dünyanın müxtəlif ölkələrində bu reklam növü kifayət qədər məşhurlaşıb. Bu da öz növbəsində bu cür kampaniyaların viral olmasını təmin edir.
Çöl reklamlarının mənfi və müsbət tərəfləri
Müsbət tərəfləri

  • Geniş auditoriya: Küçə və nəqliyyat reklamları potensial müştəriləriniz də daxil olmaqla, minlərlə insanın qarşısına çıxır.
  • Münasib qiymətlər: Bir çox açıq məkan reklamları televiziya və ya radio kimi yüksək büdcə tələb etmir.
  • Yaddaqalan kommunikasiya: Əmin ola bilərsən ki, yaradıcılığı və hədəf kütlənə uyğun reklam növünü birləşdirdiyin zaman hələ uzun müddət yaddaşlarda qalacaqsan.

Mənfi tərəfləri

  • Yüksək rəqabət: Şəhərdə hər tərəf reklamlarla doludur. Odur ki fərqlənmək üçün qeyri-standart ideyalara ehtiyac var.
  • Effektivliyin ölçülməsi çətindir: Rəqəmsal mühitdə hər klik, baxış və reaksiyanı ölçmək mümkündür. Ənənəvi reklamlarda isə real nəticəni ölçmək çətindir.
  • Məhdud vaxt: İnsanlar reklamı sadəcə bir neçə saniyə görür, çünki ya tələsir, ya da maşınla keçirlər. Buna görə də mesajın dəqiq, sadə olmalı və birbaşa təsir etməlidir.
Bəs qanun çöl reklamları haqqında nə deyir?
Rəqəmsal platformalarda, eləcə də ənənəvi kommunikasiya kanallarında reklamlar Azərbaycan Respublikasının “Reklam haqqında” qanunu əsasında tənzimlənir. Açıq məkanda reklamlarla bağlı şərtlər və qaydalarla tanış olmaq üçün “Reklam haqqında” qanunun 26-cı maddəsini, eləcə də Azərbaycan Respublikası Prezidentinin “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi” ilə bağlı fərmanını oxumağını məsləhət görürük.

Həmçinin qadağan olunmuş reklam növləri, icazə üçün tələb olunan sənədlər siyahısı, tariflər və icazə müraciəti ilə tanış olmaq üçün Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin veb-saytına da müraciət edə bilərsən.

Əgər hüquq və yerləşdirmə məsələləri ilə özün məşğul olmaq istəmirsənsə, aşağıdakı seçimləri dəyərləndirə bilərsən:
  • Çöl reklamı operatoru: Reklamın yerləşdirilməsini sənin əvəzinə edəcək.
  • Reklam agentliyi: Reklamının strategiyasını, kreativ həllini, dizaynını və yerləşdirilməsini tamamlayacaq.
  • Rəqəmsal reklam xidmətləri: Öz məhsulunu və ya xidmətini sadəcə digital ekranlarda qısa müddət üçün yayımlaya bilərsən.
Nəticə
Əgər düzgün formatı seçsən, kreativ həllini və strategiyanı düzgün müəyyənləşdirsən, üstəlik, mesajını qısa müddətdə çatdırmağı bacarsan, bu reklam növü biznesinə real fayda verə bilər. Qayda-qanunlara əməl etməyi və müvafiq icazələri almağı da unutma.