01.09.2025

Sosial medianı təsiri altına alanlar: İnfluenserlər

Artıq hamımız bilirik ki, sosial media insanların seçimlərinə təsir edən əsas məkandır. Bilmədiyimiz isə burada sadəcə məhsulu göstərməyin və tərifləməyin kifayət etməməsidir. Bunun üçün bizə insanların güvəndiyi simaların tövsiyəsi lazımdır. Bloggerlər, idmançılar, hətta qonşuluqdakı müəllimə belə hazırda sosial media influenseri ola bilər.

Onlarla necə işləməli olduğunu öyrənmək və yaxından tanış olmaq üçün məqaləmizi sona kimi oxumağın məsləhətdir!
İnfluenserlər kimdir?
Azərbaycan Respublikasının “Reklam haqqında” qanununa əsaslansaq, influenserlər və ya rəqəmsal platforma təsirçiləri:
“Maddi qazanc qarşılığında öz nüfuzundan istifadə etməklə reklam daşıyıcısı olan rəqəmsal platformalarda reklam fəaliyyətini həyata keçirən fiziki və ya hüquqi şəxslərdir”.

Bir sözlə, onlar müəyyən nüfuza sahibdir və sosial mediada geniş kütlə onların sözünə etibar edir.
İnfluenserlərin əlindəki güc
Təcrübələri və yaradıcılıqları sayəsində influenserlər geniş kütlənin diqqətini öz üzərlərinə çəkə bilirlər. Hətta iş o həddə çatıb ki, aparılan bir sorğuda iştirakçıların 40 %-i influenserlərin məsləhəti ilə reklam edilən məhsulu sifariş ediblər. 18-35 yaşında sosial media istifadəçiləri üçün isə bu rəqəm 53 %-ə gəlib çatır.

Beləcə, böyükdən-kiçiyə bir çox bizneslər/şirkətlər influenserlərlə əməkdaşlıq edərək məşhurluqlarını, satışlarını və izləyicilərini artırırlar. Daha yaxından baxsaq, influenserlə əməkdaşlıq edərək biznesin üçün bunları
əldə edə bilərsən:

  • Dəqiq hədəf auditoriyasına çıxış: İnfluenserlər vasitəsilə biznesini xüsusi maraqları və ehtiyacları olan qruplar arasında tanıdacaqsan. Məsələn, avtomobil həvəskarları, gənc valideynlər və ya tələbələr.
  • Yüksəkkeyfiyyətli reklam məzmunu: Blogerlər unikal və yaradıcı məzmun tərtib edərək məhsulunu maraqlı şəkildə hər kəsə təqdim edir.
  • Brendə artan inam: İnfluenserlər izləyicilərlə xüsusi bağ qurmağı sevir və reklam edəcəyi məhsulu öncədən test edirlər. Bu da izləyicilərin həm influenserə, həm də reklam edilən brendə rəğbətini artırır.
  • Satışların çoxalması: Qeyd etdiyimiz kimi, influenserlərlə iş təkcə məşhurluğu və güvəni yox, həm də satışları artırmaq gücünə malikdir.
İnfluenserlərin hansı növləri var?
İnfluenserlər yaratdıqları məzmuna, hədəf auditoriyasına və ya kommunikasiya kanalına görə müxtəlif növlərə bölünürlər. Odur ki onlarla işləmədən əvvəl məhsuluna, xidmətinə və hədəf kütlənə uyğun influenseri sseçməlisən.

1. Yaratdıqları məzmuna görə:

  • Dəb, gözəllik və həyat tərzi: Onlar dəb dünyasındakı yeniliklərdən danışır, maraqlı saç düzümləri edir, yeni makiyaj məhsullarını sınayır və həyat tərzi ilə bağlı məsləhətlər verirlər. Məsələn, Sabina Orujova, Aynishan Guliyeva, Mehin Oktaylı, Sema Abiyeva.
  • Səyahət: Bu kateqoriyada məzmun yaradan influenserlər dünyanın müxtəlif ölkələrini gəzir, öz təcrübələrini izləyicilərlə bölüşür və oradakı gündəlik həyatı göstərirlər. Məsələn, Gulgun Anvarli, Rauf Ismayilov, Arifa Eminli.
  • Resenziya: Bu bir az geniş məzmun növü olsa da, hər blogerin maraqları fərqli olduğundan bir çox sahəyə aid icmallar tapmaq mümkündür. Məsələn, təmir alətləri və DIY üzrə “Qarajda”, yemək reseptləri üzrə “imhungry.az” və ya film resenziyaları üzrə Hacı Səfərov.
  • Peşəkarlar: Qidalanma, tibb, idman, fotoqrafiya və bu kimi sahələrdə peşəkarlaşmış və öz təcrübələrini bölüşən influenserlər də var. Məsələn, elmi və maraqlı faktlar bölüşən Vüsal Yusifli (Yuspace), idman və qidalanma üzrə Aynur Nəbiyeva.

2. Auditoriyaya görə:

  • Nano: 1 000–10 000 izləyicisi olan influenserləri bura daxil etmək olar.
  • Mikro: 10 000–100 000 izləyicili influenserlər. Əməkdaşlıq etmək üçün kiçik bizneslərə ideal ola bilər.
  • Midi: 100 000–500 000 izləyicisi olan influenserlər adətən məşhur sayılır və böyük markalarla işləyirlər.
  • Macro: 500 000–1 000 000+ izləyiciyə sahib influenserlər. Geniş kütlələri ilə hətta beynəlxalq brendlər üçün də çalışa bilərlər.
İnfluenserlərlə əməkdaşlıq formatları
İnfluenser reklamının uğurlu olması üçün məhsulu inteqrasiya edə biləcəyin düzgün formatı seçməlisən. Bəzən gözlənilmədən həmin məzmun viral ola bilər, amma hər nə olursa, olsun, əsas məsələ izləyicinin ehtiyaclarını düzgün müəyyən etməkdir. Hazırkı sosial media qısa, lokal və müasir yaradıcılıq tələb edir. Bütün bu faktorlara uyğun olaraq aşağıdakı formatlarda əməkdaşlıqlar edə bilərsən:

  • Brend səfirliyi: İnfluenser sosial şəbəkələrdə, hətta real həyatda da brendin simasına çevrilir. Məsələn, bir ayaqqabı brendi ilə əməkdaşlıq edirsə, o, daima həmin markanın ayaqqabılarını geyinməli, onlarla görüntülənməli və məzmunlar yaratmalıdır.
  • Məhsul testi: İnfluenser həmin brendə aid müxtəlif məhsulları sınayır və izləyicilərlə təcrübəsini bölüşür. Məsələn, meyvə şirəsi markası yeni məhsulunu satışa çıxarmadan öncə influenser vasitəsilə bunun tizerini edir.
  • Məhsul yerləşdirməsi: Məhsul influenserin məzmununda təbii şəkildə görünür. Məzmunun paylaşılma məqsədi reklam kimi göstərilməsə də, əslində, tək məsələ həmin məhsulun o məzmuna inteqrasiyasıdır.
  • Birbaşa reklam: İnfluenser və ya aparıcı məzmunun içində məhsul üçün ayrıca bölmə ayırır və danışır. Məsələn, podkast aparıcısı qısa reklam fasiləsi verir.
  • Kollaborasiya: İnfluenser və brend birlikdə yeni məhsul və ya xidmət təqdim edir. Məsələn, dizayner ilə birgə geyim kolleksiyası və ya stiker paketi.
  • Hədiyyələr: Brend müsabiqənin sponsoru olur, influenser isə həmin müsabiqəyə iştirakçıları cəlb edir. Hədiyyə və mükafatlar da brendin məhsullarından və ya xidmət kuponlarından ibarət olur.
İnfluenserləri harada axtarmalı?
Məşhurlardan savayı, yerli influenserləri tapmaq bir az çətin olsa da, mümkünsüz deyil. Bunun üçün agentliklər və onlayn platformalar fəaliyyət göstərir.
İnfluenseri nəyə görə və necə seçməli?
İnfluenserlə əməkdaşlıq edərkən üç əsas məqama diqqət etmək vacibdir:

  • Hədəf auditoriya: sadəcə böyük izləyici sayı kifayət etmir. Əməkdaşlıq etmək istədiyin influenserin izləyiciləri sənin hədəf kütlənlə üst-üstə düşməlidir. Əgər izləyicilərin yaşı, maraqları və ya region belə uyğun gəlmirsə, o reklam nəticə verməyə bilər. Ona görə də influenserdən analitika tələb et; izləyicilərinin cins, yaş və yerləşmə bölgüsünü istə.

  • Auditoriya iştirakı: cox vaxt böyük səhifələrdə passiv izləyicilər və bot hesablar ola bilir. Odur ki ən önəmli göstəricilərdən biri də “engagement rate”, yəni iştirak faizidir. Bu, izləyicilərin məzmunla necə aktiv ünsiyyətdə olduğunu göstərir. Məsələn, bəyənmək, şərh yazmaq, repost etmək kimi.

  • Üslub və ünsiyyət: blogerin üslubu və danışıq tərzi sənin brendinin mövqelənməsi ilə uyğunlaşmalıdır. Onun şübhəli məhsullar reklam etmədiyindən, rəqib markalarla işləmədiyindən və neqativ xəbərlərlə gündəmə gəlmədiyindən əmin ol.
İnfluenserlə necə işləməli?
Proses influenserlə necə əməkdaşlıq etdiyindən asılı olaraq dəyişir, yəni sən birbaşa onunla əlaqədəsən, yoxsa agentlik vasitəsilə bu baş verir. İlk növbədə influenserdən analitika tələb edir və dataları yoxlayırsan. Sonra razılığa gəlirsiniz, brif influenserə göndərilir və müqavilə imzalanır. Sonda isə influenserin məzmunu təsdiqləndikdən sonra ödəniş edilir. Agentlik vasitəsilə olduqda isə bu proses avtomatlaşmış şəkildə irəliləyir.

Sadaladıqlarımızdan ən önəmlisi isə brifdir. Brif bir növ texniki tapşırıqdır ki, burada influenserin bilməli olduğu və ondan tələb edilən hər şey qeyd olunur. Aşağıdakı cədvəl sayəsində effektiv briflər hazırlaya bilərsən.
İnfluenserlə işin nəticələrini necə ölçməli?
Reklamı paylaşdıqdan sonra onun nəticələrini ölçmək həm sənin biznesinin, həm də əməkdaşlığınızın gələcəyi üçün önəmlidir. Bunun üçün aşağıdakı göstəricələrə bax:

  • Auditoriya iştirakı: Baxış sayı, bəyənmələr, şərhlər və repostların sayı, yəni izləyicilərin paylaşıma verdikləri reaksiya önəmlidir.
  • Yeni izləyicilər: Paylaşımdan sonra izləyicilərinin nə qədər artdığı da effektivliyin ölçülməsində kömək edə bilər.
  • Satışlar: İnfluenserə özəl yaradılmış promokod və ya UTM linklər vasitəsilə real alışları izlə.
  • ROI (Return on Investment): Reklamdan əldə edilən gəlirin məbləğini xərclərə böl. Nəticə 1-dən böyükdürsə, deməli, reklam özünü doğrulda bilib.

Uzun sözün qısası, influenserlə əməkdaşlıq yalnız gülməli və yaradıcı məzmun üçün yox, həm də biznesinin gələcəyi üçün atılan addımdır.