28.07.2025

Maaş almayan əməkdaş: Süni intellekt

Son 2 ildə sahibkarlar xərcləri azaltmaq və daha çox gəlir əldə etmək üçün öz işlərdən aktiv şəkildə süni intellektdən istifadə etməyə başlayıblar. Bu da öz növbəsində onlara işləri sürətləndirməyə və rəqiblərdən önə keçməyə imkan yaradır, lakin unutmamaq lazımdır ki, qərarların verilməsində və strategiya kimi önəmli məqamlarda süni intellektə güvənmək olmaz. Belə ki, xüsusi təcrübə tələb edən sahələr süni intellektin “müvəqqəti olaraq” çətinlik çəkdiyi sahələrdir. O, datalarla işləyərkən yanıla və ya etik normaları poza bilər.

Bəs süni intellektə harada və nə zaman güvənə bilərik? Hazırsansa, getdik!
Süni intellektlə hansı işləri görə bilərik?
Süni intellekt alətləri müxtəlif anlarda bizə yardım əli uzadır. Onlar mətn yazır, vizuallar hazırlayır, CV-ləri analiz edir, hətta müştərilərə cavab yaza bilirlər. Qısaca, onlar bir çox sadə biznes tapşırıqlarını yerinə yetirəcək gücdədirlər.
Marketinqdə süni intellekt
  • Breynstorminq: Dizaynerlər, mətn yazarları və sosial media idarəçiləri kreativ məzmun planı təyin etməkdə, nümunə vizuallar hazırlamaqda və ya ssenarilər yazmaqda süni intellektdən kömək alır, onunla fikir mübadiləsi aparırlar. Təbii ki, sonda yaradıcı qərar məhz insanlara qalsa da, süni intellekt bu prosesi xeyli sürətləndirir.
  • Mətn tərtibatı: Hazırda mətn yazarları mətnləri sıfırdan yazmaq əvəzinə, süni intellekt ilə tərtib edirlər. Daha yaxşı nəticə almaq üçün brendin tonunu, əvvəlki mətnlərini və hədəf kütləsini süni intellekt aləti ilə tanış etməyi məsləhət görürük. Əlbəttə, sonda süni intellektin nəticəsini yoxlamaq da şərtdir. Bu alətlərə “Claude”, “Gemini” və “ChatGPT”ni misal göstərə bilərik.
  • Vizual tərtibatı: Nəinki foto və rəsm, artıq videoları da süni intellektlə hazırlamaq mümkündür. Bunların köməyi ilə sahibkarlar peşəkar dizayn xidmətlərinə və ya fotoqraflara müraciət etmədən işlərini aşağı büdcə ilə həll edirlər. Məsələn, məhsulunun keyfiyyətsiz fotosunu yükləyib studiya keyfiyyətində nəticə əldə edə bilərsən. Bu süni intellekt alətlərinə isə “Midjourney”, “Sora”, “Google Veo” kimilərini daxil etmək olar.
  • Veb-sayt, tətbiq və çatbot yaradılması: “GitHub Copilot”, “ChatGPT” və ya “Tabnine” vasitəsilə veb-sayt, tətbiq və ya çatbot yaratmaq daha da asanlaşıb. Kodlaşdırmadan uzaq olsan belə, onlar sənə bunları hazırlamağa və dizaynerə rahatlıqla ötürməyə kömək olacaqlar.
Satış və müştəri xidmətində süni intellekt
  • Fərdiləşdirilmiş təkliflər: Süni intellekt istifadəçinin keçmiş alış-verişini, axtarışlarını və davranışlarını təhlil edərək ona uyğun məhsul və ya xidmət təklif edə bilir. Bu da istifadəçi təcrübəsini artırmaqla yanaşı, satışların da yüksəlməsinə səbəb olur. Məsələn, “Amazon” və “Netflix” kimi platformalar bu metodu illərdir, uğurla tətbiq edirlər.
  • Çatbotlar və avtomatlaşdırılmış cavab sistemləri: Müştəri xidmətlərinin bir çoxunu süni intellektlə işləyən çatbotlar həyata keçirir. Hətta əminik ki, bununla yerli brendlərimizdə də rastlaşmısan. Onlar 24/7 işləyir, tez-tez verilən sualları dərhal cavablandırır və ya sadə problemləri həll edirlər. Mürəkkəb hallarda isə müştərini canlı operatora yönləndirirlər.
Məlumatların təhlilində süni intellekt
  • Logistika: Süni intellekt bütün marşrutları təhlil edərək optimal variantları seçir, çatdırılma müddətini hesablayır, anbardakı malların sayını bilir və buna uyğun yeni sifarişləri müəyyən edir. Bu səbəbdən logistika kampaniyalarının çatbotları əsasən süni intellekt ilə qurulur və o bütün şəraitləri nəzərə alaraq müştərini məlumatlandırır.
  • Data analitika: Bəzi ölkələrdə vergi orqanları ərizələri və digər sənədləri süni intellekt vasitəsilə analiz edir. Nəticədə, yoxlama müddəti 3 dəfə, səhvlər isə 90 % azalır. Həmçinin hesabatların hazırlanmasında, potensial xətaların müəyyən edilməsində də vaxta qənaət edilir.
Nələrə diqqət etməliyik?
Süni intellektin effektivliyi onu idarə edən, tapşırığı verən və nəticəni qəbul edən şəxsdən, yəni real insandan asılıdır. Odur ki süni intellektlə işləyərkən aşağıdakıları nəzərə almaq lazımdır:
  • Daha çox xarici bazaya sahib olduğundan süni intellekt alətləri Azərbaycan bazarı, qanunları və vergiləri ilə tanış olmaya bilər.
  • Nəzarət edilməyən və yoxlanılmayan süni intellekt nəticələri konfidensiallığın pozulmasına və ya digər etik normaların pozulmasına gətirib çıxarır. Bu səbəbdən ictimaiyyətə təqdim edilmədən öncə süni intellekt materialları diqqətli yoxlanılmalıdır.
  • Süni intellekt bəzən yanlış, ya da köhnə məlumat bazasından istifadə edir. Bu da öz növbəsində yanlış nəticələrin və informasiyanın yayılmasına səbəb olur.
Hər şey süni intellektdən ibarətdir?
Süni intellekt nə bizim düşmənimiz, nə də əbədi dostumuzdur. Başqa sözlə desək, real təcrübəmiz və emosional zəkamızdan istifadə edərək onun imkanlarını düzgün anlamalı və nəticələrini daim yoxlamalıyıq.